Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Bir bayraq altında həmrəylik və vətənpərvərlik” mövzusunda tədbir keçirildi

18 noyabr 2025 | 17:41
18.11.2025-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Gənclər Evində “Bir bayraq altında həmrəylik və vətənpərvərlik” mövzusunda tədbir keçirildi.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları, din xadimlər, imamlar, bir sıra QHT-nin rayon şöbələrinin rəhbərləri və gənclər iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov çıxışında Azərbaycan xalqının hər zaman vətənə bağlı olduğunu və milli həmrəyliyin mühüm dəyər olduğunu vurğuladı. O, həmçinin bildirdi ki, müstəqil Azərbaycanın gələcəyi, hər bir vətəndaşın öz borcunu yerinə yetirməsindən asılıdır. Ə.Teymurov xüsusilə gənclərin vətənpərvər yetişməsinin vacibliyini qeyd etdi və bu istiqamətdə dövlətin gördüyü işləri barədə danışdı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin müdir müavini Ruslan Əsgərov bildirdi ki, hər bir ölkənin bayrağı millətinin milli identikliyini, tarixi yaddaşını və gələcəyə baxışını simvolizə edir. Bayrağımıza baxanda biz öz tariximizi, mübarizəmizi və taleyimizi görürük. Milli həmrəyliyin formalaşmasında rol oynayan əsas amillərə toxunan natiq vurğuladı ki, milli həmrəylik toplumun ideya və vahid məqsəddə birləşməsi, milli iradənin formalaşmasının nəticəsidir. Tarix boyu Azərbaycan xalqı ən çətin zamanlarda məhz bu həmrəylik sayəsində varlığını qoruyub. Çünki birlik yalnız emosional çağırış deyil, həm də geosiyasi zərurətdir. Ərazisi strateji bölgədə yerləşən bir millətin gücü təkcə onun resursları ilə deyil, həm də daxili həmrəyliyi ilə ölçülür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov çıxış edərək din və vətənpərvərlik arasında güclü bir əlaqənin mövcud olduğunu, xalqın milli-mənəvi dəyərlərə bağlılığının, ölkənin inkişafında və sabitliyində mühüm rol oynadığını vurğuladı. A.Kazımov həmçinin, tarix boyunca birliyin və həmrəyliyin ölkənin əsas dayaqlarından biri olduğunu, bu gün də bu ənənənin davam etdirilməsinin vacibliyini bildirdi.
Vətən müharibəsi şəhidi Səyavuş Kəlbalıyevin ailə üzvü Pərvanə Kəlbalıyeva, Vətən müharibəsi qazisi Mərhəməd Şahverdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin aparıcı məsləhətçisi Nuru İmanov, Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı və Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və imamı Musa Qasımov çıxışlarında ölkəmizdə birliyin, həmrəyliyin və vətənpərvərlik ruhunun daim yüksək səviyyədə olduğunu qeyd etdilər.
Tədbirdə vurğulandı ki, ölkədə dövlət-din münasibətlərinin sağlam şəkildə tənzimlənməsi, milli-mənəvi dəyərlərin qorunması və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində görülən işlər Azərbaycanın davamlı inkişafına xidmət edir.
Sonda konfrans iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi apardı.
Keçidlər