Sabunçu rayonunda “Bir damla QAN bir HƏYAT deməkdir” şüarı altında qanvermə aksiyası keçirildi
Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Talassemiya Federasiyası, Bakıxanov bələdiyyəsi və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 22.04.2022-ci il tarixdə Bakı Gənclər Mərkəzində talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədi ilə qanvermə aksiyası keçirildi.
“Bir damla QAN bir HƏYAT deməkdir!” şüarı altında keçirilən aksiyada 500-dən çox insan könüllü iştirak etdi.
Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qan vermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.