Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbir keçirildi

26 oktyabr 2022 | 18:00
   26.10.2022-ci il tarixdə Sabunçu Gənclər Evində “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Aparatının sektor müdiri Aytən Tarverdiyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva, Sosial Xidmətlər Agentliyinin Strateji planlaşdırma şöbəsinin  müdiri Pərviz Əliyev, Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla proflaktiki işin təşkili bölməsinin baş inspektoru, polis polkovnik leytenantı Kəmalə Ələkbərova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin məsul əməkdaşı Nuru İmanov, 2 saylı Doğum Evinin cərrahı, mama-ginekoloq Günay Binnətzadə,  Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşları, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəblilər, tələbələr və valideynlər iştirak edirdilər.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Rəna Fərəcova çıxış edərək bildirdi ki, bütün dünyada olduğu kimi ölkəmizdə də erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsil almasına mane olur və bir fərd kimi inkişafına mənfi təsir göstərir. Qeyd olundu ki, erkən nikah və qohumlar arasında nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. R.Fərəcova vurğuladı ki, hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Bu istiqamətdə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları  müəyyən edilmişdir.
   Daha sonra çıxış edən qonaqlar da erkən nikah və qohumlar arasında nikah hallarının gənclərin həyatında törətdiyi fəsadlardan söz açaraq və bu halların qarşısının alınması istiqamətində aidiyyəti qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verərək ümumilikdə cəmiyyəti bu kimi mövzulara həssas yanaşmağa və birgə mübarizə aparmağa səslədilər.
   Tədbirin sonunda qonaqlar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.
 
 
 
Keçidlər