Sabunçu rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirildi
07.04.2022-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra referat müsabiqəsinin rayon mərhələsində xüsusi seçilərək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verdi. Qeyd olundu ki, rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər. Təqdim olunmuş 180 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir.
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov vurğuladı ki, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır.
Daha sonra çıxış edən Komissiya üzvü, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 310 nömrəli tam orta məktəbin tarix müəllimi Rafiq Məmmədov referatların seçim xüsusiyyətləri barədə ümumi məlumat verdi.
Sonda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən komissiya üzvləri və fərqlənən 10 referat müəllifi olan məktəblilərə diplom və hədiyyələr təqdim olundu.