Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Himayədar ailə” qayğı modelinə həsr olunmuş ictimai dinləmə keçirildi

30 aprel 2026 | 18:00
30.04.2026-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Sabunçu Gənclər Evində “Himayədar ailə” qayğı modeli barədə ictimai dinləmə keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Rəna Vəliyeva, Agentliyin əməkdaşları, digər dövlət və bələdiyyə orqanlarının nümayəndələri, Nazirlik yanında İctimai Şuranın üzvləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tələbələr və müəllimlər, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak edirdilər.
Ümumilikdə 100-dən çox şəxsin iştirak etdiyi tədbir zamanı ilk olaraq Sosial Xidmətlər Agentliyinin fəaliyyəti, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verildi.
Agentliyin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırdı. Eləcə də himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlar edildi.  
Sonda mövzu ətrafında müzakirələr aparıldı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Keçidlər