Sabunçu rayonunda “İnsan alveri kontekstində: Erkən nikaha yox” mövzusunda maarifləndirici tədbir keçirildi
23 aprel 2026 | 15:26
23.04.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “İnsan alveri kontekstində: Erkən nikaha yox” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirin əsas məqsədi erkən nikahların cəmiyyətə və fərdlərə vurduğu mənfi təsirləri diqqətə çatdırmaq, erkən yaşda qurulan ailələrin psixoloji, sosial və sağlamlıq baxımından yaratdığı risklər barədə, insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirmə aparmaqdır. Eyni zamanda gənclərin təhsil imkanlarından vaxtsız şəkildə uzaqlaşmasının qarşısının alınması ön plana çəkilir.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Rəna Vəliyeva çıxış zamanı erkən nikah probleminin cəmiyyətə göstərdiyi mənfi təsirlərdən bəhs edərək bu istiqamətdə aparılan maarifləndirmə işlərinin əhəmiyyətini vurğuladı. Eyni zamanda erkən nikahların qarşısının alınması, gənclərin təhsil hüququnun qorunması və sağlam gələcəyin formalaşdırılması məsələlərinə xüsusi diqqət yetirildi.
Sonra Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Tünzalə Verdiyeva çıxış edərək Agentlik tərəfindən həyata keçirilən sosial dəstək tədbirləri barədə ətraflı məlumat verdi. Çıxış zamanı həssas əhali qruplarına aid şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası, rifah halının yaxşılaşdırılması və müxtəlif müəssisələr vasitəsilə göstərilən xidmətlərin əhəmiyyəti vurğulandı. Eyni zamanda əhalinin sosial həssas təbəqələrinə yönəlmiş dövlət qayğısı və bu istiqamətdə görülən işlər diqqətə çatdırıldı.
Daha sonra İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Fatimə Abuşova çıxış edərək Mərkəzin fəaliyyət istiqamətləri, insan alveri qurbanları üçün göstərilən reabilitasiya və abilitasiya xidmətləri haqqında ətraflı məlumat verdi. Həmçinin erkən nikah, insan alveri anlayışının mahiyyətinə toxunaraq müasir cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən bəhs etdi. O, maarifləndirmə işinin bu sahədə mühüm əhəmiyyət daşıdığını qeyd edərək bildirdi ki, hər il dünyada minlərlə insan, əsasən qadınlar və uşaqlar, müxtəlif məqsədlərlə istismara məruz qalaraq insan alverinin, erkən nikahın qurbanına çevrilir. Psixoloq iştirakçılara bu kimi hallardan qorunmaq üçün diqqətli olmağı və məlumatlı davranmağı tövsiyə etdi.
İnteraktiv şəkildə davam edən tədbirdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırıldı, qarşılıqlı fikir mübadiləsi aparıldı.














