Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə proqramı”nın təqdimatına həsr olunmuş tədbir keçirildi

17 fevral 2023 | 09:19
   17 fevral 2023-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı çərçivəsində “Məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə proqramı”nın təqdimatına həsr olunmuş tədbir keçirildi.
   Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq baş vermiş zorakılıq halları ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırdı.
O bildirdi ki, Dulut modeli əsasında hazırlanmış “Məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə proqramı” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunmuş “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində hazırlanıb.
S. Qəhrəmanova proqramın zorakılıq törədənlərə öz zorakı davranışlarının səbəblərini təhlil etməyə və onları konstruktiv şəkildə ifadə etməyi öyrənməyə, qarşılıqlı münasibətlər formalaşdırmağa kömək etdiyini və mübahisələrin həllində yeni bacarıqların əldə edilməsini təmin etdiyini vurğuladı.
   Daha sonra Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin əməkdaşı Zülfiyyə Sadıqova “Dulut modeli əsasında reabilitasiya proqramı” adlı təqdimatla çıxış edərək proqram haqqında ətraflı məlumat verdi. O bildirdi ki, hazırda bir çox ölkələrdə tətbiq olunan proqram zorakılıq törədən şəxslərin şəxsi davranışını və zorakılığa məruz qalanlara qarşı münasibətlərini dəyişməyə kömək etmək məqsədi daşıyır.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək rayonda məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə həyata keçirilən layihələrdən söz açdı.
R.Fərəcova bildirdi ki, “Məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə proqramı” məqsədi həm cəmiyyətdə məişət zorakılığı hallarının azalmasına nail olmaq, həm də zorakılıq törətmiş şəxslərin cəmiyyətdə sağlam yaşaması üçün çalışmaqdır. O, çıxışının sonunda layihənin özünü doğruldacağına inamını ifadə etdi.
Daha sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Profilaktiki İşin təşkili İdarəsinin rəis müavini Rüstəm Nəsibov, Ədliyyə nazirliyinin insan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sosial təminat siyasəti şöbəsinin əməkdaşı Sevinc Ədilova mövzu ətrafında fikirlərini səsləndirdilər.
   Tədbirdə eyni zamanda Abşeron rayon, Sumqayıt şəhər və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının rəhbərləri və bələdiyyə sədrləri iştirak edirdilər.
   Tədbir müzakirələrlə davam etdi.
Keçidlər