Sabunçu rayonunda Milli Qəhrəman Eldar Xəlil oğlu Xəlilovun doğum günü münasibətilə anım mərasimi keçirildi.
19 avqust 2026 | 16:15
19 Avqust 2026-cı il tarixdə Milli Qəhrəman Xəlilov Eldar Xəlil oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.Eldar Xəlil oğlu Xəlilov 1976-cı il avqust ayının 19-da Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində dünyaya göz açmışdır. O, altıncı sinifə qədər öz doğma kəndlərində təhsil almışdır. 1988-ci ildə yüz minlərlə soydaşlarımız kimi öz doğma yurdlarından zorla qovulduqdan sonra o, ailəsi ilə birlikdə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində məskunlaşmışdır. Təhsilini 96 və 252 saylı orta məktəblərdə davam etdirmişdir. Sonra Bakıdakı 10 saylı texniki-peşə məktəbini bitirmişdir. 1994-cü il sentyabr ayının 29-da Eldar Xəlilov Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. 17 mart 1995-ci ildə dövlət çevrilişinin qarşısının alınmasında Milli Ordumuzun əsgərləri arasında Eldar Xəlilov da öz vətənpərvəlik borcunu yerinə yetirirdi. 1995-ci il mart hadisələri zamanı dövlətə tabe olmayan silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür.














