Sabunçu Gənclər Evində “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib
19 may 2026 | 15:53
19.05.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, Sabunçu rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və rayonun fəal gəncləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri giriş sözü ilə açan Ədalət Teymurov bildirib ki, milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət, milli incəsənət, musiqi, muğam, folklor, ədəbiyyat, özünüdərk, ailə və dahi şəxsiyyətlər xalqımızın milli dəyərlər sisteminin əsasını təşkil edir. O qeyd edib ki, böyüyə hörmət, valideynə sevgi və ehtiram, kiçiklərə qayğı xalqımızın əsrlərdən bəri formalaşmış mənəvi keyfiyyətlərindəndir.
Ə.Teymurov vurğulayıb ki, hər bir xalq öz milli ruhunu, mənəvi dəyərlərini və əxlaqi keyfiyyətlərini qoruyub yaşatdıqda daha güclü və qüdrətli olur. O, milli dəyərlərimizin qorunması və inkişaf etdirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdıraraq bildirib ki, ulu öndər xalqımızın milli oyanışının əsasını qoymuş, milli-mənəvi dəyərlərimizi dövlət quruculuğu prosesinin mühüm atributlarından biri kimi qiymətləndirib.
Çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən bəhs olunub. Həmçinin qloballaşma şəraitində milli dəyərlərimizə, adət-ənənələrimizə və milli mentalitetimizə qarşı aparılan mənfi təsirlərə qarşı birgə mübarizənin vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, həmin qurumun aparıcı məsləhətçisi Rəşadət Hidayətov, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Bakıxanov qəsəbəsində yerləşən “Cümə” məscidinin imamı, “İmam Rza” Dini İcmasının sədri Əmirxan Tahrov və digər natiqlər milli-mənəvi və adət-ənənəvi dəyərlərimizin cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, gənc nəslin milli kimliyinə, tarixinə və mənəvi irsinə bağlı ruhda yetişdirilməsi gələcəyimiz üçün xüsusi önəm kəsb edir.














