Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilib

10 fevral 2026 | 16:47
10 fevral 2026-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Zabrat qəsəbəsində yerləşən 71 nömrəli tam orta məktəbdə “Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, “Azərbaycan Respublikası Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin həkim-narkoloqu Rövşən Kərimli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin klinik-psixoloqu Ofelya Məmmədova, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.
Tədbir çərçivəsində çıxış edən natiqlər narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələr, onun sosial-iqtisadi və mənəvi-əxlaqi fəsadları, eləcə də sağlam həyat tərzinin formalaşdırılmasının əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, narkomaniya insan sağlamlığına və həyatına ciddi təhdid olmaqla yanaşı, cinayətkarlığın artmasına, ailə institutunun zəifləməsinə və cəmiyyətin dayanıqlı inkişafına mənfi təsir göstərir.
Çıxışlarda yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən profilaktik tədbirlərdən bəhs olunub, aidiyyəti qurumlar tərəfindən maarifləndirmə işlərinin ardıcıl və sistemli şəkildə davam etdirildiyi diqqətə çatdırılıb. Gənc nəslin sağlam, savadlı və vətənpərvər ruhda formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Narkomaniyaya qarşı mübarizə istiqamətində məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edən bir qrup şagird Sabunçu Rayon Polis İdarəsi tərəfindən Fəxri fərmanlarla təltif olunub.
Keçidlər