Sabunçu rayonunda “Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
10 aprel 2026 | 17:08
10 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndinin icrası çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Zabrat qəsəbəsi 81 nömrəli tam orta məktəbdə “Narkotikə yox deyirik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abbas Zeynalov, Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov, “Azərbaycan Respublikası Narkoloji Mərkəz” Publik Hüquqi Şəxsin həkim-narkoloqu Turan Əhmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsinin klinik-psixoloqu İlahə Dadaşova, valideynlər, məktəbin şagird və müəllim kollektivi iştirak etmişlər.
Çıxış edənlər narkomaniyanın ağır fəsadlarından, cəmiyyət üçün ciddi təhlükə yaradan sosial bəla olmasından və ölkəmizdə bu sahədə həyata keçirilən mübarizə tədbirlərindən ətraflı bəhs etmişlər. Qeyd olunmuşdur ki, narkomaniya mənəvi və əxlaqi dəyərlərə mənfi təsir göstərir, sosial-iqtisadi inkişafa zərər vurur, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır, həmçinin cinayətkarlığın artmasına səbəb olur.
Eyni zamanda yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması istiqamətində görülən işlərdən danışılmış, gənc nəslin sağlam, savadlı və vətənpərvər ruhda formalaşmasının vacibliyi vurğulanmışdır. Bu istiqamətdə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilmişdir.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılmış, narkomaniyaya qarşı mübarizə sahəsində keçirilən tədbirlərdə fəal iştirak edən şagirdlərə Sabunçu Rayon Polis İdarəsi tərəfindən fəxri fərmanlar təqdim olunmuşdur.














