Sabunçu rayonunda “Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
14 aprel 2026 | 17:58
14 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndinin icrası ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə kollecdə “Narkotikə yox deyirik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kollecinin direktoru Mübariz Hacıbəyov, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Rəşad Bəşirov, kollecin müəllim və tələbə kollektivi iştirak etmişlər.
Tədbirdə çıxış edənlər narkomaniyanın ağır fəsadlarından, cəmiyyət üçün ciddi təhlükə yaradan sosial bəla olmasından və ölkəmizdə bu sahədə həyata keçirilən mübarizə tədbirlərindən bəhs etmişlər. Bildirilmişdir ki, narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə mənfi təsir göstərir, sosial-iqtisadi inkişafa zərər vurur, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır, həmçinin cinayətkarlığın artmasına səbəb olur.
Eyni zamanda yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması istiqamətində görülən işlərdən danışılmış, gənc nəslin sağlam, savadlı və vətənpərvər ruhda formalaşmasının vacibliyi vurğulanmışdır. Maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunmuşdur.
Tədbirin sonunda mövzu ətrafında tələbələri maraqlandıran suallar cavablandırılmışdır.














