Sabunçu rayonunda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi
25.04.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən istirahət parkında “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.“Atəşgah” milli rəqs qrupunun təqdim etdiyi “Cəngi” rəqsi və Hədəf Liseyinin şagirdlərinin təqdim etdiyi pantomim səhnəcik iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Tədbirin rəsmi hissəsində çıxış edən qonaqlar festivalın əhəmiyyətindən, ölkədə kitab mədəniyyətinin inkişafının vacibliyindən və mütaliənin cəmiyyətin intellektual və mənəvi inkişafındakı rolundan danışdılar.
Çıxışlarda vurğulandı ki, “Oxu Günü” layihəsi təkcə kitab sərgisi deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirən, oxu mədəniyyətini təşviq edən və gənclərin dünyagörüşünün formalaşmasına xidmət edən mühüm platformadır. Açılış mərasiminin ən yaddaqalan məqamlarından biri illərdir davam edən və artıq ənənə halını alan “Gəlin birgə oxuyaq!” fləşmobu olub. Fləşmob çərçivəsində festival iştirakçıları eyni anda kitab oxuyaraq mütaliənin birləşdirici gücünü və kitabın cəmiyyət həyatındakı rolunu nümayiş etdirdilər. Daha sonra tədbir bədii hissə ilə davam etdi.
Qeyd edək ki, festival çərçivəsində 30-dan çox nəşriyyat və kitab mağazası iştirak edir. İki gün davam edən tədbirdə panel müzakirələr, imza günləri, nağıl saatları və müxtəlif ədəbi-bədii proqramlar təşkil olunacaq.














