Sabunçu rayonunda şəhid Nağıyev Murad Mayıl oğlunun xatirəsi anılıb
09 fevral 2026 | 11:21
09 fevral 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Nağıyev Murad Mayıl oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Aparatının müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Sabunçu bələdiyyəsinin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak ediblər.
Nağıyev Murad Mayıl oğlu 09 fevral 1997-ci ildə Qazax rayonunda anadan olub. İlk təhsilini Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı tam orta məktəbdə alıb. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub və göstərdiyi yüksək nəticələrə görə liseydən Türkiyənin Kuleli Hərbi Liseyinə göndərilib. 2015-ci ildə Türkiyədə Kara Harp Okuluna daxil olub. 2020-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Zabit kimi 2020-ci ildə N saylı hərbi hissəyə təyinat alaraq leytenant rütbəsi ilə tank taborunda tağım komandiri kimi xidmətə başlayıb. 20 oktyabr 2020-ci ildə Cəbrayıl rayon istiqamətində gedən döyüş zamanı qəhrəmancasına şəhid olub. Şəhid Nağıyev Murad Mayıl oğlu 20 oktyabr 2020-ci ildə Bakı şəhəri, Yasamal rayonu, “Hərbi Memorial Məzarlıq”da dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə (ölümündən sonra) III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimizə Allahdan rəhmət diləyir, əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!














