Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda şəhidlər Əliyev Tahir Mahir oğlu, Səfərov Mais Şakir oğlu və Mirəliyev Mirəli Vaqif oğlunun doğum günləri münasibətilə anım mərasimi keçirildi

20 iyul 2026 | 15:05
20 iyul 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Əliyev Tahir Mahir oğlu, Səfərov Mais Şakir oğlu və I Qarabağ müharibəsi şəhidi Mirəliyev Mirəli Vaqif oğlunun doğum günləri münasibətilə xatirələrinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Maştağa bələdiyyəsinin sədr müavini Ağazakir Abdullayev, şəhidlərin ailə üzvləri və qəsəbə sakinləri iştirak etdilər.
Əliyev Tahir Mahir oğlu 20 iyul 2001-ci ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olmuşdur. O, 2009–2019-cu illərdə Əliağa Vahid adına 293 nömrəli tam orta məktəbdə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi Qazax rayonunda yerləşən N saylı hərbi hissədən könüllü olaraq döyüş bölgəsinə yollanmışdır. 27 sentyabr 2020-ci il tarixindən Vətən müharibəsində iştirak etmiş, Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. 13 oktyabr 2020-ci ildə Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Tahir Əliyev 30 oktyabr 2020-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Səfərov Mais Şakir oğlu 20 iyul 1999-cu ildə Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 2006-cı ildə Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 163 nömrəli tam orta məktəbdə almış, 2010–2015-ci illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən C. Cahangirov adına 4 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir. 2015-ci ildə Bakı Humanitar Kollecinin Təsviri incəsənət müəllimliyi ixtisasına qəbul olunmuş, 31 may 2019-cu ildə təhsilini başa vurmuşdur.
O, 1 iyul 2019-cu ildə Neftçala Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Goranboy rayonu, Aşağı Ağcakənd kəndində yerləşən hərbi hissədə xidmət etmişdir. Xidməti dövründə nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur.
27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak etmiş, 1 oktyabr 2020-ci ildə Goranboy rayonu, Tap Qaraqoyunlu kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində qəhrəmancasına şəhid olmuşdur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Mirəliyev Mirəli Vaqif oğlu 20 iyul 1973-cü ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olmuşdur. O, 17 yanvar 1992-ci ildə Milli Ordu sıralarına çağırılmış, Daxili İşlər Nazirliyinin II taborunun III bölüyündə bölmə komandiri kimi xidmət etmişdir. 24 mart 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Mirəliyev Mirəli Vaqif oğlu Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Keçidlər