Sabunçu rayonunda “Şuşa ili” ilə əlaqədar “Şuşa Qarabağın Tacıdır!” adlı tədbir keçirildi
29.04.2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Kamal Məmmədov adına 209 saylı tam orta məktəbdə “Şuşa ili” ilə əlaqədar “Şuşa Qarabağın Tacıdır!” adlı tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov və şöbənin baş məsləhətçisi Ülviyyə Rufullayeva, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun məsləhətçisi Ceyhun Nəzərov, Şuşa rayon Mədəniyyət evinin direktoru Rüstəm Əliyev, Şuşa rayon Malıbəyli kənd mədəniyyət evinin direktoru Aysel Eldarlı, Şuşa rayon Malıbəyli kənd mədəniyyət evinin mədəni təşkilatçısı və mətbuat katibi Cəbrayılova Gülnarə, Şuşa mədəniyyət muzeyinin direktoru Anar Cəbizadə, şəhid ailələri və qazilər iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva “Şuşa ili” ilə bağlı məktəbdə təşkil edilən silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən söhbət açaraq bildirdi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxışında qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2022-ci ili məhz Azərbaycanın qədim şəhəri və mədəniyyət paytaxtına həsr olunan “Şuşa ili” elan etməsi çox mütərəqqi bir addımdır. Tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirən R.Fərəcova belə tədbirlərin yetişməkdə olan gənc nəsildə Vətənə məhəbbət və vətənpərvərlik hislərinin aşılanması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.
Tədbirdə çıxış edən digər qonaqlar “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlərin mədəniyyət paytaxtımızın irsinin təbliğinə töhfə olacağını qeyd etdilər.
Tədbirin davamında Üzeyir Hacıbəyli, Xurşidbanu Natavan, Bülbül, Xan Şuşinski kimi dahi sənətkarlarımız haqqında müəllim və valideynlər təqdimat ilə çıxış etdilər.
Sonda şagirdlərin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olundu.