Sabunçu rayonunda “Ulu Öndər Heydər Əliyevin doğum günü”nə həsr olunmuş basketbol üzrə Abad məhəllələrarası turnirinin yekun mərhələsi keçirildi
05 may 2026 | 17:09
05.05.2026-cı il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin bütün rayonlarını əhatə edən “Ulu Öndər Heydər Əliyevin doğum günü”nə həsr olunmuş 3x3 basketbol üzrə Abad məhəllələrarası turnirinə yekun vuruldu.
2011–2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən və iki mərhələdən – rayon və şəhər mərhələlərindən ibarət olan yarışın əsas məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təşviqi və onların idmana cəlb olunmasıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdə təşkil olunan yarışlar olimpiya sistemi üzrə keçirildi. Turnirdə ümumilikdə 120 komandanın tərkibində 600 gənc idmançı iştirak etdi.
Turnirin birinci mərhələsi 15–30 aprel tarixlərində paytaxt rayonlarında baş tutdu. 4–5 may tarixlərində keçirilən ikinci mərhələdə isə rayon qalibləri Bakı şəhər mərhələsində mübarizə apardılar.
Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil olunan turnirə mayın 5-də final oyunları ilə yekun vuruldu. Finalda Binəqədi rayonunun 102 nömrəli tam orta məktəbinin komandası ilə Nizami rayonunun 145 nömrəli tam orta məktəbinin komandası qarşılaşdı. 16:13 hesabı ilə qalib gələn Nizami rayonunun komandası turnirin qalibi oldu.
Üçüncü yer uğrunda keçirilən oyunda isə Yasamal rayonunun 20 nömrəli məktəb-liseyinin komandası Pirallahı rayonunun 243 nömrəli tam orta məktəbinin komandasına 21:5 hesabı ilə qalib gələrək üçüncü yeri tutdu.
Turnirin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.














