Sabunçu rayonunda “Ulu öndər və milli səhiyyəmizin inkişafı” mövzusunda səhiyyə konfransı keçirildi.
05 may 2023 | 18:45
05.05.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Sabunçu Tibb Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar “Ulu öndər və milli səhiyyəmizin inkişafı” mövzusunda səhiyyə konfransı keçirildi.
Konfransda Sabunçu Tibb Mərkəzinin direktoru Cahangir Həsənov, Milli Məclisin deputatı Müşfiq Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, YAP-ın Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, İcbari Tibbi Sığorta Agentliyinin Tibbi planlaşdırma departamentinin nümayəndəsi Sona Qənbərova, TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentinin nümayəndəsi Orxan Həsənov və Sabunçu Tibb Mərkəzinin səhiyyə işçiləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov çıxışında müəllifi olduğu müasir Azərbaycan dövlətinin qurulmasında, müstəqil, demokratik bir dövlət kimi inkişaf etməsində uzaqgörən siyasətçi kimi daimi mübarizə aparan, xalqını, vətənini canından daha əziz tutan dahi şəxsiyyət, Ümummilli ilder Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söz açdı və onun uzaqgörən siyasəti nəticəsində 1990-cı illərin əvvəllərində sosial-iqtisadi sahədə səfalət, ölkədaxili hərcmərclik, vətəndaş müharibəsi astanasında olan Azərbaycan Respublikasının qısa zaman kəsiyində bu bəlalardan necə xilas olduğunu və inkişaf etməyə başladığını xüsusi vurğuladı.
Tədbirdə çıxış edən Sabunçu Tibb Mərkəzinin direktoru Cahangir Həsənov, Milli Məclisin deputatı Müşfiq Məmmədov, TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentinin nümayəndəsi Orxan Həsənov və digərləri Ulu öndər Heydər Əliyevin digər sahələrlə yanaşı tibb sahəsinə də göstərdiyi qayğıdan və hakimiyyəti illərində bu sahədə aparılan islahatlardan geniş danışdılar.