Sabunçu rayonunda Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirildi
14 iyul 2023 | 19:01
14.07.2023-cü il tarixdə YAP Sabunçu rayon təşkilatının inzibati binasında Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Hikmət Babaoğlu, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Üzvü kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və YAP Sabunçu rayon təşkilatının fəal üzvləri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları YAP Sabunçu rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev açılış nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açdı. Qeyd olundu ki, 1969-cu il iyul ayının 14-də Heydər Əliyevin hakimiyyətə gəlişilə Azərbaycanın inkişafında yeni mərhələ, böyük dönüş və tərəqqi başlandı. Uzaqgörən siyasətçi Heydər Əliyevin təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı Vətənə və xalqa güclü məhəbbəti ilə birləşərək öz bəhrəsini verdi. Çox keçmədən Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl respublikaya çevrildi. Azərbaycanda yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı mənzil tikintisi layihələri həyata keçirildi. Görülən bütün işlərin ilhamçısı və təşkilatçısı isə xalqımızın böyük oğlu Heydər Əliyev oldu.
YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov çıxış edərək bildirdi ki, xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqın xilaskarına çevrildi. A.Xudadanov vurğuladı ki, bugün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin əsasını qoyduğu, işləyib hazırladığı uzaqgörən siyasət bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən millət vəkili Hikmət Babaoğlu və Üzvü kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzində gördüyü misilsiz xidmətlərdən, genişmiqyaslı işlərdən söz açdılar.