Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Əvəzolunmaz şəxsiyyət” adlı tədbir keçirildi

22 may 2023 | 09:10
   20.05.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki X.Yusifzadə adına 112 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü il “Heydər Əliyev ili” ilə əlaqədar “Əvəzolunmaz şəxsiyyət” adlı tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, şəhid ailələri, qazilər, Azərbaycan  Respublikasının Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti və Xüsusi Təyinatlı Hərbi hissənin məsul əməkdaşları və digər qonaqlar iştirak edirdilər.
  Tədbir ilk olaraq məktəblilərin hazırladıqları rəsm əsərlərinə baxış ilə başlandı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə mükəmməl inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti bərpa edilmiş, bütün sahələrdə olduğu kimi neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermiş, neft-qaz sənayesinin bazası genişləndirilmiş və müasirləşdirilmişdi. Qeyd olundu ki, məhz Ümummilli liderin hakimiyyəti illərində aparılan geniş və məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı Dərin Özüllər Zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdi. Bugün ölkəmizdə neft-qaz sənayesinin inkişafının təməlində duran Ulu Öndərin misilsiz xidmətlərindən, onun neftçilərə diqqət və qayğısından söz açan professor X.Yusifzadə onun davamçısı, ölkə prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğuladı.
  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirdi ki, tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca  mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır. Yalnız vətənini və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi və xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədəkarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilmişdir. A.Vəliyev Ulu öndərin layiqli davamçısı cənab Prezident  İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi  istiqamətində reallaşdırılan genişmiqyaslı layihələri xüsusi vurğuladı.
   Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova məktəblərdə davamlı və ardıcıl olaraq həyata keçirilən bu kimi tədbirlərin gənc nəslin inkişafına qatdığı töhvələrdən söz açdı və tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.
   Tədbir məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir, mahnılar və rəqslərlə davam etdi.
 
Keçidlər