Sabunçu rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi
08 dekabr 2022 | 17:29
08.12.2022-ci il tarixdə YAP Sabunçu rayon təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri vəzifəsini icra edən Zülfüqar Cəfərov,
RİH başçısı aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, sosial xidmət və digər müəssisələrin rəhbərləri və YAP Sabunçu rayon təşkilatının fəal üzvləri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları YAP Sabunçu rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, Ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır. Yalnız vətənini və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi və xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədəkarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilmişdir. O, fitri istedadı və zəngin təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görür, böyük əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edir və bu zaman əsl vətənpərvər mövqeyində dayanırdı. Heydər Əliyev zəngin və çoxəsrlik Azərbaycan tarixində dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkəsinin hüdudlarını aşır, dünyada gedən qlobal proseslərə öz təsirini göstərirdi. Heydər Əliyev həm də zəmanəsinin böyük mütəfəkkiri və filosofu olaraq Azərbaycançılıq fəlsəfəsini formalaşdırır və inkişaf etdirirdi. Məhz bu fəlsəfə Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil etmişdir. A.Vəliyev Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan genişmiqyaslı layihələri xüsusi vurğuladı.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri vəzifəsini icra edən Zülfüqar Cəfərov, Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Məmmədova, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vəli Səfərov (Qaraçaylı), YAP Sabunçu rayon təşkilatının gənc fəalları Dadaş Məmmədov və Namiq Muradov Ulu öndər Heydər Əliyevin bir şəxsiyyət kimi böyüklüyü, mənəvi zənginliyi, ictimai-siyasi xadim kimi vətənpərvərliyi, xalqına bağlılığı, haqq yolundakı mübarizliyi, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi islahatlar və ən çətin anda, taleyüklü məqamlarda haqqa söykənərək xalqının xidmətində durmağından söz açdılar.