Sabunçu rayonunda “Uşaqlar Gülsün Deyə” adlı uşaq festivalı keçirildi
01 iyun 2022 | 08:53
01.06.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə rayonun Nardaran qəsəbəsi, Nardaran Mədəniyyət Mərkəzinin qarşısında “Uşaqlar Gülsün Deyə” adlı uşaq festivalı keçirildi.
Festivalda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədr müavini Pərviz Səfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Sabunçu rayon təşkilatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyələr, təhsil, mədəniyyət, idman, sosial xidmət müəssisələri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Festivalda müxtəlif yaş qruplarından olan uşaqların ifasında şeirlər, mahnılar səsləndirildi, rəqslər ifa olundu və müxtəlif idman növləri üzrə bacarıqlar nümayiş etdirildi. Rayonun istedadlı uşaqlarının müxtəlif mövzularda hazırladıqları rəsm əsərləri və nağıl qəhrəmanlarının şən çıxışları festival iştirakçılarının marağına səbəb oldu.