Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü mərasimi keçirildi

02 oktyabr 2022 | 17:44
   02 oktyabr 2022-ci ildə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Əsgərli Tural Ələmdar oğlu, Bağırov Elçin Fərhad oğlu, Abdullazadə Həsənağa Şakir oğlu, Adışov Qüdrət Rahim oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
   Əsgərli Tural 20 aprel 1993-cü ildə Naxçıvan MR Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1999-2007-ci illərdə Qıvraq qəsəbəsinin tam orta məktəbində, 2007-2010-cu illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil almışdır. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirmişdir. 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Qazax rayonunda yerləşən "N" saylı hərbi hissənin ön cəbhəsində, tağım komandiri olaraq leytenant hərbi rütbəsində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və göstərdiyi igidliyə görə baş leytenant hərbi rütbəsinə layiq görülmüşdür. 2018-ci ildən Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsinin ön cəbhəsində bölük komandiri olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Əsgərli Tural 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Kəlbəcər rayonu istiqamətində gedən döyüş əməliyyatlarında  iştirak etmişdir. Müharibənin ilk günlərində 3 əsgəri ilə düşmənin 2 postunu ələ keçirmişdir. Əsgərli Tural oktyabr ayının 1 də Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Oktyabr ayının 3-də Bakıda II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəli idi. 2 övladı bizlərə yadigar qalmışdır.
   Bağırov Elçin Fərhad oğlu 1989-cu il aprelin 27-si Ağdam rayonunun Sarıhacılı kəndində dünyaya gəlmişdur. O, 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Azərbaycan Ordusunun kiçik çavuş olan Elçin Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə  iştirak etmişdir. Elçin Bağırov oktyabrın 1-də Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Uzun müddət sonra nəşi tapılaraq 20.12.2020-ci ildə “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Ailəli idi. 4 övladı bizlərə yadigar qalmışdır.
  Adışov Qüdrət Rahim oğlu 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi bitirdikdən sonra 2016-ci ildə Bakı Biznes Universitetinin İqtisadiyyat fakultəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xüsusi qəhrəmanlıq göstərərək 28 sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
   Abdullazadə Həsənağa Şakir oğlu 9 mart 1993-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1999-2007-ci illərdə R.Bədəlov adına 9 saylı Lənkəran şəhər orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində almışdır. Ali məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurmuşdur. 2017-ci ildən baş-leytenant hərbi rütbəsi ilə xidmətini davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin baş-leytenantı olan H.Abdullazadə 2020-ci il sentyabrin 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, daha sonra Ağdərə və Kəlbəcər istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. 2 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində hakim yüksəkliyin ələ keçirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Nəşi uzun müddət tapılmamışdır. Nəhayət 14 yanvar 2021-ci ildə nəşi tapılaraq II Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Keçidlər