Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Cəfərov Zaur Hüseyn oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.
04 mart 2026 | 14:04
04.03.2026-cı il tarixdə Sabunçu rayonunun Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Cəfərov Zaur Hüseyn oğlunun doğum günü münasibətilə anım mərasimi təşkil olunub. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak ediblər.
Tədbir zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, onun keçdiyi döyüş yolundan və Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan bəhs olunub. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi Azərbaycan xalqı tərəfindən daim böyük ehtiramla yad olunur.
Bildirilib ki, Cəfərov Zaur Hüseyn oğlu 04 mart 1980-ci il tarixində Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində şəhid Azər Namazovun adını daşıyan orta məktəbi bitirib və həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2001-ci ildə ali hərbi təhsilini başa vuraraq leytenant rütbəsi alıb və Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edib.
Vətən müharibəsi zamanı polkovnik-leytenant Zaur Cəfərov Suqovuşan istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək 10 oktyabr 2020-ci il tarixində şəhid olub. 20 oktyabr 2020-ci ildə Hərbi Memorial Məzarlıqda dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.














