Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Emil Rafiq oğlu Şamilovun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
03 iyul 2026 | 18:00
3 iyul 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Emil Rafiq oğlu Şamilovun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.
Bildirilib ki, Emil Rafiq oğlu Şamilov 03 iyul 1996-cı ildə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olub. O, 2009-cu ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 296 nömrəli tam orta məktəbi bitirib, həmin ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 12 nömrəli Bakı Peşə Məktəbinə daxil olub. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.
Emil Şamilov 2007-ci ildən etibarən peşəkar “Oyama Kyokuşin Kontak Karate” idman növü ilə məşğul olub. O, 12 dəfə Respublika çempionu, 1 dəfə Avropa çempionu, Dünya Kubokunun sahibi, Zaqafqaziya çempionu, 70-dən çox beynəlxalq turnirin qalibi, 3-cü dan qara kəmər sahibi olub və Sensey adına layiq görülüb.
Vətən müharibəsi başlayan kimi könüllü olaraq ordu sıralarına qoşulan Emil Şamilov Xüsusi Təyinatlı Qoşunların tərkibində döyüşlərdə iştirak edib. O, 26 oktyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və 27 oktyabr 2020-ci il tarixində Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Emil Şamilov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.














