Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Murad Mayıl oğlu Nağıyevin ildönümü münasibətilə anım mərasimi keçirildi
11 oktyabr 2026 | 13:28
11 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Nağıyev Murad Mayıl oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, şəhidin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.
Nağıyev Murad Mayıl oğlu 09.02.1997-ci ildə Qazax rayonunda anadan olmuşdur. İlk təhsilini Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı tam orta məktəbdə almışdır. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdur. Hərbi Liseydə göstərdiyi yüksək nəticələrə görə liseydən Türkiyənin Kuleli Hərbi Liseyinə göndərilmişdir. 2015-ci ildə Türkiyədə Kara Harp Okuluna daxil olmuşdur. 2020-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olmuşdur. 2020-ci ildə zabit kimi N saylı hərbi hissəyə təyinat almış və leytenant rütbəsi ilə tank taborunda tağım komandiri olaraq xidmətə başlamışdır. Murad Nağıyev 27 sentyabrda başlayan Vətən müharibəsinə elə həmin gün yollanmışdır. Qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak etmişdir. Murad Nağıyev tank taqım komandiri olaraq tabeliyindəki tanklarla birlikdə Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, atəş nöqtələrini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür. Nağıyev Murad Mayıl oğlu oktyabrın 11-də Cəbrayıl istiqamətindəki gedən döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində qəhrəmancasına şəhid olmuşdur. 20.10.2020-ci ildə Hərbi Memorial Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

















