Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Quliyev Asim Bəkir oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.

02 mart 2026 | 13:21
02.03.2026-cı il tarixdə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Quliyev Asim Bəkir oğlunun doğum günü münasibətilə anım mərasimi təşkil olunub. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak ediblər.
Anım mərasimində şəhidin əziz xatirəsi ehtiramla yad olunub, onun keçdiyi döyüş yolundan və Vətən uğrunda göstərdiyi igidlikdən bəhs edilib. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi Azərbaycan xalqı tərəfindən daim böyük ehtiramla anılır.
Bildirilib ki, Quliyev Asim Bəkir oğlu 02 mart 1996-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olub. 2012-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 107 saylı tam orta məktəbi bitirib. Həqiqi hərbi xidmət zamanı 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılaraq Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 12 oktyabr 2020-ci il tarixində Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Şəhid Quliyev Asim Bəkir oğlu Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Keçidlər