Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Vahid Məcnun oğlu Ağayevin doğum günü münasibətilə anım mərasimi keçirildi
14 sentyabr 2026 | 12:48
14 Sentyabr 2026-cı ildə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini-Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ramin Ağazadə, Maştağa bələdiyyəsinin sədr müavini Ağazakir Abdullayev, şəhidin qardaşı və qəsəbə sakinləri iştirak etmişdir.
Vahid Ağayev 14 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 187 №-li tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Vahid Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 noyabr 2020-ci ildə Maştağa qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.














