Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Vüqar Aydın oğlu Nəcəfovun doğum günü münasibətilə anım mərasimi keçirildi.
10 avqust 2026 | 15:16
10 Avqust 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Nəcəfov Vüqar Aydın oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.Nəcəfov Vüqar Aydın oğlu 10.08.1988-cu ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Azərbaycan Ordusunun kapitanı Vüqar Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarşı mübarizə aparıb. Vüqar Nəcəfov 2 oktyabr 2020-ci ildə Cəbrayıl döyüşləri zamanı Nüzgar istiqamətində şəhid olub. Şəhid Nəcəfov Vüqar Aydın oğlu Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kapitan Vüqar Aydın oğlu Nəcəfov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur Döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”medalları ilə təltif olunub.














