Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Abbas Salam oğlu Əliyevin ildönümü və İntiqam Əlihüseyn oğlu Səfərovun doğum günü münasibətilə anım mərasimləri keçirildi
04 noyabr 2026 | 12:44
4 noyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Əliyev Abbas Salam oğlunun ildönümü və Səfərov İntiqam Əlihüseyn oğlunun doğum günü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilat aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Ramana bələdiyyəsinin sədri Asif Zeynalov, şəhidlərin ailə üzvləri və şəhid ailələri iştirak etmişdir.
Əliyev Abbas Salam oğlu 09.01.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. Sabunçu rayon, Ramana qəsəbəsində yerləşən 90 saylı tam orta məktəbi bitirmişdir. 2006-cı ildə həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 02.11.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 05.11.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Səfərov İntiqam Əlihüseyn oğlu 04.11.1998-ci ildə Rusiya Federasiyasının Saransk şəhərində anadan olmuşdur. Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 № li tam orta məktəbdə təhsil almışdır. 2015-ci ildə ümumi orta təhsili başa vurub, həmin il 13 №-li Bakı Peşə Məktəbinə qəbul olub və 2016-cı ildə “Kompyuter operatoru” peşəsini müvəffəqiyyətlə bitirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə yola düşmüşdür. 27 Sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edib, Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi uğrunda mərdliklə döyüşmüşdür. 6 oktyabr 2020-ci il tarixində Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

















