Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Asim Bəkir oğlu Quliyevin və Azər Haqverdi oğlu Süleymanovun ildönümləri münasibətilə anım mərasimləri keçirildi

12 oktyabr 2026 | 13:54
12 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Quliyev Asim Bəkir oğlu və Süleymanov Azər Haqverdi oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Natiq Rəsulov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, Bakıxanov bələdiyyəsinin sədr müavini Vüsal Əzizzadə, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.       
Quliyev Asim Bəkir oğlu 02.03.1996-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2002–2011-ci illərdə 107 saylı Bakıxanov qəsəbə tam orta məktəbində, 2011–2013-cü illərdə Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecdə təhsil alıb. Orta məktəbdə oxuyarkən idmana böyük həvəsi böyük olduğundan boksla məşğul olub. Bakı üzrə keçirilən yarışlarda 1-ci, Respublika üzrə keçirilən yarışlarda 2-ci yeri qazanıb. Asim Quliyev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Xidməti dövründə 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərdə savaşıb. Vətən müharibəsi zamanı könüllü ordu sıralarına yazılaraq Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 12.10.2020-ci ildə Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Süleymanov Azər Haqverdi oğlu 26.10.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunun hərbi qulluqçusu olan Azər Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azər Süleymanov 12.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.   
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər