Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Aslan Süleyman oğlu Rzayevin, Tahir Mahir oğlu Əliyevin və Məhəmmədəli Mütəllim oğlu İbrahimlinin ildönümləri münasibətilə anım mərasimləri keçirildi

13 oktyabr 2026 | 13:03
13 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Rzayev Aslan Süleyman oğlu, Əliyev Tahir Mahir oğlu və İbrahimli Məhəmmədəli Mütəllim oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ramin Ağazadə, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.       
Rzayev Aslan Süleyman oğlu 21.01.1995-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur. 2001-ci ildə məktəbin 1-ci sinfinə getmişdir. 2012-ci ildə məktəbi bitirib və həmin il Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompyuter texnikası” fakültəsinə qəbul olmuşdur, 2016-cı ildə universiteti bitirmişdir. 2016-ci il iyulun 25-i hərbi xidmətə yollanmışdır, Ağcabədi rayonunun Qiyamətdinli kəndində hərbi vəzifəsini yerinə yetirmiş, 2018-ci il yanvar ayının 11-i hərbi xidməti başa vurmuşdur. Xidmətdə olduğu müddətdə düşmən xətti ilə 60 metr məsafədə 1 il 3 ay ərzində postda öz vəzifəsini yerinə yetirmişdir.
2018-ci il avqust ayının 26-sı ailə həyatı qurmuşdur. 2020-ci ilin 27 sentyabrda Vətənin müdafiəsi uğrunda döyüşlərə qatılmış, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə  iştirak etmişdir. 13 oktyabr tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 
Əliyev Tahir Mahir oğlu 20.07.2001-ci ildə  Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur. 2009-2019-cu illərdə Sabunçu rayonunun Maştağa qəsəbəsində Əliağa Vahid adına 293 nömrəli tam orta məktəbdə təhsil almışdır. Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. Xidmət etdiyi Qazax N saylı hərbi hissədən döyüş bölgəsinə könüllü yazılıb. 27.09.2020 tarixdən Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 13 oktyabr 2020-ci ildə Füzuli rayonun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə ordeni”, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 
İbrahimli Məhəmmədəli Mütəllim oğlu 22.11.1996-cı ildə Beyləqan rayonunda anadan olmuşdur. Əslən Füzuli şəhərinin Cuvarli kəndindəndir. Orta təhsilini Baki şəhəri 215 saylı məktəbdə almışdır. 2014-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olmuşdur. Cihazqayırma mühəndisliyi ixtisasını bitirən Məhəmmədəli 2018-ci ildə magistr təhsili üzrə Azərbaycan Texniki Universitetinə daxil olur. Qaydasız döyüş üzrə 2 dəfə Azərbaycan Çempionu olmuşdur. "Bakı 2015" ilk Avropa Oyunlarının təşkili və keçirilməsində iştirakına görə təşəkkürnamə ilə təltif olunmuşdur. Təhsil sahəsində bir çox uğurlar qazanmış və sertifikatlar əldə etmişdir. 2020-ci il yanvar ayında “Socar”  və "Nitel Teknoloji Mühəndislik A.Ş" Şirkətinin Azərbaycan flialında elektrik mühəndisi kimi çalışmağa başlamışdır. 2020-ci ilin iyunun 7-də Füzuli şəhər Hərbi Komissarlığı tərəfindən Həqiqi Hərbi Xidmətə çağırılaraq Goranboy rayonu N sayli Hərbi Hissədə kəşfiyyatçı əsgər olaraq Milli Ordu sıralarında xidmət etmişdir. Daha sonra xidmətə Tərtər rayonunda kəşfiyyatçı əsgər olaraq davam etmişdir. Sentyabrın 27-də düşmənin əks hücumu nəticəsində başlanan müharibənin ilk günlərində Tərtər, Talışkənd və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etmişdir. Oktyabrın 3-ü Suqovuşanın alınması uğrunda gedən ağır döyüşlərdə iştirak etmiş, 2 qolundan və ayağından yaralanmışdır. Buna baxmayaraq 3 yaralı və bir şəhid əsgər yoldaşını təhlükəsiz əraziyə çıxartmağı özünə borc bilmişdir. Döyüşdən sonra yaralarının sağalması üçün 15 günlük Bərdə rayon diaqnostika xəstəxanasına yerləşdirilmisdir. Lakin 3 gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır. Oktyabrın 13-ü Ağdərə istiqamətində yerləşən düşmən postuna kəşfiyyat bölüyü ilə birlikdə hücuma keçmişdir. Döyüş yoldaşlarının şəhid olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edərək qumbara vasitəsi ilə düşmənin 20 dən çox əsgərini məhv etmiş və özü də qəhrəmancasına şəhid olmuşdur. 15 dekabr 2020-ci ilə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər