Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Babayev Rəşad Ağabəy oğlu və Piriyev Raul Zabit oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi
04 iyun 2022 | 14:58
04 iyun 2022-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidləri Babayev Rəşad Ağabəy oğlu və Piriyev Raul Zabit oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri Nizami rayonu R. Orucova adına 109 nömrəli orta məktəbin 1-ci sinifinə getmişdir. 2006-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2006-ci ildə 277 nömrəli idman təmayüllü məktəbin 9-cu sinifinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir. Həmin məktəbdə 8 yaşından Cüdo idman növü ilə məşğul olmuşdur. Yüksək nəticələr əldə etmiş 20-dən çox qızıl, gümüş və bürünc medallara layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur.
Təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Müddətdən artıq hərbi xidmətdə olmuş, Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinə qəbul kurslarından keçmiş və xidmətini burada davam etdirməsi üçün seçilmişdir. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə “kiçik gizir” rütbəsində, 24 noyabr 2017-ci ildə N saylı hərbi hissədə “gizir” rütbəsində xidmətini davam etdirmişdir. O, həmçinin xüsusi təyinatlı taborun xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun snayperçisi, xüsusi təyinatlı manqa komandiri, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət etmişdir.
25-28 fevral 2020-ci il tarixlərində cüdo üzrə keçirilmiş yarışda 1-ci yerə layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur. Rəşad Babayev "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun giziri olan Rəşad Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zaman Kəlbəcərin, Cəbrayılın, Füzulinin, və Xocavəndin yaşayış məntəqələrinin, habelə Murovdağ zirvəsinin və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Rəşad Babayev 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 14 oktyabr 2020-ci ildə Maştağa qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Piriyev Raul 04 iyun 1997-ci ildə Şəmkir rayon Kür qəsəbəsində anadan olumuşdur. 2003-cü ildə Şəmkir rayon Kür qəsəbəsi H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbinin 1-ci sinfinə qəbul olub. 2006-cı ildə Bakı şəhər Sabunçu rayonu F.Bayramov adına 22 saylı tam orta məktəbin 3-cü sinfinə qəbul olub. 2015-ci ilin may ayında orta məktəbi bitirərək AzTU-nun Dəmir yol Nəqliyyat və Təsərrüfatı mühəndisliyi fakültəsində təhsil almışdır. 2019-cu il 3 oktyabrda Sabunçu rayonu hərbi komissarlıq tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. İlk öncə Ağcabədidə xidmət etmişdir 2019 dekabr ayında xüsusi təyinatlı kimi xidmətinin davam etdirmişdir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı Murov dağ, Füzuli və Cəbrayılın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. 2020-ci il 5 oktyabr tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 15 oktyabr 2020-ci ildə Maştağa qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunub.