Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Əfqan Ramil oğlu Nəsirovun və Sənan Tehran oğlu Məmmədovun ildönümləri münasibətilə anım mərasimləri keçirildi
21 oktyabr 2026 | 13:30
21 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Nəsirov Əfqan Ramil oğlu və Məmmədov Sənan Tehran oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Natiq Rəsulov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Zabrat bələdiyyəsinin sədr müavini Hikmət Alıyev, şəhidlərin ailə üzvləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak etmişdir.
Nəsirov Əfqan Ramil oğlu 29.03.2001-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində anadan olmuşdur. 2018-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 71 saylı tam orta məktəb bitirmişdir. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır.Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 20.10.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 21.10.2020-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin azad olunmasına görə”, Cəbrayılın azad olunmasına görə” və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Məmmədov Sənan Tehran oğlu 27.07.2000-ci ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Sənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Sənan Məmmədov 21 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Məmmədov Sənan Tehran oğlu Göyçay rayonunda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuşdur.

















