Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Elnur Cəlal oğlu Dadıyevin, Mais Şakir oğlu Səfərovun ildönümləri və Taleh Musa oğlu Mehdiyevin doğum günü münasibətilə anım mərasimləri keçirildi

28 oktyabr 2026 | 14:49
28 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Dadıyev Elnur Cəlal oğlu, Səfərov Mais Şakir oğlunun ildönümləri və Mehdiyev Taleh Musa oğlunun doğum günü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.       
Dadıyev Elnur Cəlal oğlu 06.03.1998-ci ildə Lerik rayonunda anadan olmuşdur. 2005-2011-ci illərdə 94 saylı, 2011-2013-cü illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 69 saylı məktəbdə oxumuşdur. 2016-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi zamanı könüllü ordu sıralarına yazılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 28.10.2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Səfərov Mais Şakir oğlu 20.07.1999-cu ildə Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 2006-cı ildə Səbail rayonu Bayıl qəsəbəsi 163 saylı tam orta məktəbdə almış, daha sonra təhsilini 2010-cu ildən   2015-ci ilə qədər Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C. Cahangirov adına 4 saylı tam orta məktəbdə davam etdirmiş, 2015-ci ildə Bakı Humanitar Kollecinin Təsviri İncəsənət müəllimliyi fakültəsinə qəbul olmuşdur. 31 may 2019-cu ildə kollec təhsilini başa vurmuşdur. Mais Səfərov 1 iyul 2019-cu ildə Neftçala RHK-dan xidmətə yollanmış, Goranboy rayonu Aşağı Ağcakənd kəndində xidmət etmişdir. Hərbi xidmətini layiqli yerinə yetirdiyi üçün dəfələrcə fəxri fərmana layiq görülmüşdür.O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Mais Səfərov 1 oktyabr 2020-ci ildə Goranboy rayonu Tap Qaraqoyunlu kəndi istiqamətində Ermənistan qüvvələri tərəfindən atılan mərminin partlayışı nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Neftçala rayonunun Xol Qarabucaq kənd qəbirlistanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə ordeni”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Mehdiyev Taleh Musa oğlu 28.10.2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində anadan olmuşdur. 2017-ci ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 170 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Suqovuşan uğrunda  gedən döyüşlərdə iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 08.10.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər