Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Əsgərli Tural Ələmdar oğlu, Adıgözəlov Cəmil Əli oğlu və Heydərov Əli Vaqif oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi
03 oktyabr 2025 | 17:20
03 oktyabr 2025-ci il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Əsgərli Tural Ələmdar oğlu, Adıgözəlov Cəmil Əli oğlu və Heydərov Əli Vaqif oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi. Tədbirdə Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak etmişdir.
Əsgərli Tural 20 Aprel 1993-cü ildə Naxçıvan MR Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1999-2007-ci illərdə Qıvraq qəsəbəsinin tam orta məktəbində, 2007-2010-cu illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil almışdır. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirmişdir. 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Qazax rayonunda yerləşən "N" saylı hərbi hissənin ön cəbhəsində, tağım komandiri olaraq leytenant hərbi rütbəsində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və göstərdiyi igidliyə görə baş leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Azərbaycan ordusunun baş leytenantı olan Əsgərli Tural 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Kəlbəcər rayonu istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Əsgərli Tural 1 oktyabrda Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur. Oktyabr ayının 3-də Hərbi Memorial Məzarlıqda (II Şəhidlər Xiyabanı) dəfn olunmuşdur Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Heydərov Əli Vaqif oğlu 02.09.2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. 2018-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 135 nömrəli tam orta məktəbi bitirmişdir. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 03.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 03.10.2020-ci ildə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.
Adıgözəlov Cəmil Əli oğlu 29 aprel 2002-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuşdur. 2019-cu ildə Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən orta məktəbi bitirərək 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanmışdır.
Cəmil Adıgözəlov Vətən müharibəsi zamanı Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, "Laçının azad olunmasına görə", və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.














