Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Fəxri Habil oğlu Məmmədovun, İmran İlqar oğlu Qurbanovun, Elcan Zöhrab oğlu Məmmədovun, Orxan Rizvan oğlu Qasımovun, Əmirulla Vahid oğlu Əliyevin və Bəhruz Elman oğlu Əliyevin ildönümləri münasibətilə anım mərasimləri keçirildi
28 sentyabr 2026 | 12:36
28 Sentyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Məmmədov Fəxri Habil oğlu, Qurbanov İmran İlqar oğlu, Məmmədov Elcan Zöhrab oğlu, Qasımov Orxan Rizvan oğlu, Əliyev Əmirulla Vahid oğlu və Əliyev Bəhruz Elman oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini-Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
Məmmədov Fəxri Habil oğlu 27.07.2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 2007-ci ildə Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə almışdır. 2016-cı ildə qəbul olduğu təhsil müəsisəsində kompüter mühəndisliyi ixtisası üzrə təhsil almışdır. Fəxri Məmmədov musiqi ilə məşğul olmuş, gitarada ifa etməyi bacarırdı. Azərbaycan Ordusunun əsgəri olan Fəxri Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Cəbrayıl rayonun Nüzgar kəndi uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qurbanov İmran İlqar oğlu 23.05.1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Sabunçu rayon Fikrət Tağıyev adına riyaziyyat təmayüllü 72 saylı liseyə daxil olmuşdur. 2003-cü ildə isə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsilini davam etdirmişdir. 2011-ci ildə Təlim Tədris Mərkəzini bitirən İmran leytenant rütbəsi alaraq Füzuli rayonunda taqım komandiri vəzifəsi ilə hərbi xidmətinə başlamışdır. 9 il orada xidmət etdikdən sonra Beyləqanda tabor komandirinin müavini kimi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun kapitanı olan İmran Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "İgidliyə görə", “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Məmmədov Elcan Zöhrab oğlu 09.08.1989-cu ildə Tərtər rayonunda anadan olmuşdur. 2007-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 169 saylı orta məktəb bitirmişdir. 2007-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Universiteti bitirəndən sonra həqiqi hərbi xidmətə çağrılmışdır. 2018-ci ildə könüllü olaraq xüsusi zabit kurs keçərək leytenant rütbəsi almışdır. Vətən müharibəsi başlayan kimi Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 27.09.2020-ci ildə Tərtər istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 28.09.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Qasımov Orxan Rizvan oğlu 21.01.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2013-cü ildə 296 №li məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənayə universitetinin Qaz-neft-mədən fakültəsinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olmuşdur. 2017-ci ildə təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmış və 2018-ci ildə tərxis olmuşdur. 2020-ci ildə Vətən müharibəsinə qatılıb və 27 sentyabrda Füzulinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Döyüşdə fərqlənməyə görə", “Vətən uğrunda”, "Cəsur döyüşçü" “Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Əliyev Əmirulla Vahid oğlu 07.10.1996-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. 2003-2011-ci illərdə Sabunçu rayonunun 67 nömrəli tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Əmirulla Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Əmirulla Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmirulla Əliyev sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Əliyev Bəhruz Elman oğlu 24.10.1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2013-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 9 illik ümumi orta təhsili başa vurduqdan sonra təhsilini Aşpaz ixtisası üzrə Maştağa qəsəbəsindəki 13 saylı Bakı Peşə Məktəbində 2 il davam etdirib. Peşə təhsilini 2015-ci ildə tamamlayır. 2019-cu ilin sentyabr ayından sənədlərini hazırlayır və oktyabr ayının 22-də hərbi xidmətə yola düşür. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qoşulur. Müharibənin ilk günündə düşmənin 2 tankını, dəqiq atəşlə 60-a yaxın əsgərini məhv edərək qəhrəmanlıqla döyüşür. Yaralı əsgər yoldaşlarının döyüş zonasından çıxarılmasına da köməklik edir. Sentyabrın 28-i son dəfə yaralı əsgər xilas edib döyüşə qayıdanda düşmənin atdığı minamyotun qəlpələri sağ ayağını ağır yaralayır. Xəstəxanaya çatdırılarkən kəskin qanitirmədən yolda şəhidlik zirvəsinə ucalır. Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

















