Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri İbrahimov Müşfiq Nəbi oğlu və Mehdiyev Taleh Musa oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi
08 oktyabr 2025 | 11:04
08 Oktyabr 2025-ci il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri İbrahimov Müşfiq Nəbi oğlu və Mehdiyev Taleh Musa oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin müavini Ceyhun Abbasov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, şəhidlərin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
İbrahimov Müşfiq Nəbi oğlu 11.01.1995-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 69 saylı tam orta məktəbi bitirmişdir. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 06.10.2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 08.10.2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.
Mehdiyev Taleh Musa oğlu 28.10.2001-ci ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsində anadan olmuşdur. 2017-ci ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 170 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 07.10.2020-ci ildə Tərtər istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 08.10.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.














