Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Məhərrəm Elxan oğlu Səmədovun ildönümü və Bəhruz Elman oğlu Əliyevin doğum günü münasibətilə anım mərasimləri keçirildi

24 oktyabr 2026 | 12:24
24 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Səmədov Məhərrəm Elxan oğlunun ildönümü və Əliyev Bəhruz Elman oğlunun doğum günü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ramin Ağazadə, Maştağa bələdiyyəsinin sədr müavini Ağazakir Abdullayev, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.       
Səmədov Məhərrəm Elxan oğlu  27.03.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 209 saylı tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2016-cı ildə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 101 saylı peşə məktəbində oxumuşdur. Peşə məktəbini bitirdikdən sonra həqiqi  hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Cəbrayıl və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Tərtər rayon istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 24.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Əliyev Bəhruz Elman oğlu 24.10.1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 saylı  tam orta məktəbin 1-ci sinfinə gedib, 2013-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 9 illik ümumi orta təhsili başa vurduqdan sonra təhsilini Aşpaz ixtisası üzrə Maştağa qəsəbəsindəki 13 saylı  Bakı Peşə Məktəbində 2 il davam etdirib. Peşə təhsilini 2015-ci ildə tamamlayır. 2019-cu ilin sentyabr ayından sənədlərini hazırlayır və oktyabr ayının 22-də hərbi xidmətə yola düşür. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərə qoşulur. Müharibənin ilk günündə düşmənin 2 tankını, dəqiq atəşlə 60-a yaxın əsgərini məhv edərək qəhrəmanlıqla döyüşür. Yaralı əsgər yoldaşlarının döyüş zonasından çıxarılmasına da köməklik edir. Sentyabrın 28-i son dəfə yaralı əsgər xilas edib döyüşə qayıdanda düşmənin atdığı minamyotun qəlpələri sağ ayağını ağır yaralayır. Xəstəxanaya çatdırılarkən kəskin qanitirmədən yolda qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
 
Keçidlər