Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Məmmədov Əliağa Eldəniz oğlu və Adişov Qüdrət Rahim oğlunun doğum günləri münasibətilə anım mərasimi keçirildi

27 iyul 2026 | 14:55
26 iyul 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Məmmədov Əliağa Eldəniz oğlu və Adişov Qüdrət Rahim oğlunun doğum günləri münasibətilə xatirələrinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi, ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ramin Ağazadə, Maştağa bələdiyyəsinin sədr müavini Ağazakir Abdullayev, Zabrat bələdiyyəsinin sədr müavini Hikmət Alıyev, şəhidlərin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Məmmədov Əliağa Eldəniz oğlu 26.07.2001-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2008-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmiş, 2017-ci ildə tam orta təhsilini Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 255 nömrəli tam orta məktəbdə başa vurmuşdur. 2018-ci ildə 5 nömrəli Bakı Peşə Məktəbində peşə təhsili almışdır. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissədən könüllü olaraq müharibəyə qatılmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 6 oktyabr 2020-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 7 oktyabr 2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Adişov Qüdrət Rahim oğlu 26.07.1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi bitirdikdən sonra 2016-cı ildə Bakı Biznes Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xüsusi qəhrəmanlıq göstərərək 28 sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
 
Keçidlər