Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Şəhriyar Əliyev, Siyavuş Muradov və Samir Xudiyevin anım mərasimi keçirildi

06 avqust 2026 | 13:04
5 Avqust 2026-cı il tarixdə Sabunçu rayonunda Antiterror əməliyyatları şəhidi Əliyev Şəhriyar Bəxtiyar oğlu, Vətən müharibəsi şəhidi Muradov Siyavuş Akif oğlunun doğum günləri və şəhid Xudiyev Samir Səməd oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov,  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Əliyev Şəhriyar Bəxtiyar  oğlu 1997-ci il avqust ayının 5-də Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Şəhriyar Əliyev orta təhsilini Bakı şəhəri 307 nömrəli tam orta məktəbində almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Əliyev Şəhriyar Bəxtiyar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal xarakterli antiterror əməliyyatları zamanı 19 sentyabr 2023-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Əliyev Şəhriyar Bəxtiyar oğlu Bakıxanov qəsəbəsi, Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu leytenant Əliyev Şəhriyar Bəxtiyar oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. 
Xudiyev Samir Səməd oğlu 2003-cü il iyul ayının 18-də Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur. 2009-cu ildə E.Məhərrəmov adına 137 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2021-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 5 Avqust 2022-ci il tarixdə Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Samir Xudiyevin üzərinə düşməsi nəticəsində şəhid olmuşdur. 6 avqust 2022-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə  ilə təltif olunmuşdur.
Muradov Siyavuş Akif oğlu 1991-ci il avqust ayının 5-də Beyləqan rayonunda anadan olmuşdur.  Sonra ailəsi Bakıya köçüb. 192 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurandan sonra Daxili Qoşunlarda hərbçi kimi fəaliyyət göstərməyə başlamışdır. Sonra Milli Ordu sıralarında zabit kimi xidmət göstərib. Azərbaycan Ordusunun leytenantı olan Siyavuş Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyavuş Muradov 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Muradov Siyavuş Akif oğlu Beyləqən rayonu, Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu leytenant Muradov Siyavuş Akif oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.
 
Keçidlər