Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Sübhan Səbuhi oğlu Məmmədlinin, Telman İqdam oğlu Ələkbərovun, Şamil Nazim oğlu Bababəyin, Məhəmməd Niman oğlu Səmədovun, Tural Rəfail oğlu Dəmirçiyevin, Əmirulla Vahid oğlu Əliyevin və Qələndər Nofəl oğlu Alıyevin ildönümləri münasibətilə anım mərasimləri keçirildi
07 oktyabr 2026 | 16:13
7 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Məmmədli Sübhan Səbuhi oğlu, Ələkbərov Telman İqdam oğlu, Bababəy Şamil Nazim oğlu, Səmədov Məhəmməd Niman oğlu, Dəmirçiyev Tural Rəfail oğlu, Əliyev Əmirulla Vahid oğlu və Alıyev Qələndər Nofəl oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Elvin Fərzəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsi Rahim Budaqov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov, Ramana bələdiyyəsinin sədri Asif Zeynalov, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.
Məmmədli Sübhan Səbuhi oğlu 12.08.1994-cü ildə Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-ci il ildə Tərtər rayonu istiqamətində ön xəttə xidmət etmiş və Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə bölük komandiri vəzifəsinə göndərilmişdir. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində bölük komandiri vəzifəsində davam etdirmişdir. 2019-cu il 26 iyunda baş leytenant rütbəsinə yüksəlmişdir. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində, cəbhənin ön xəttinə yollanaraq döyüşlər zamanı qəhrəmanlıq göstərmişdir. Düşmənin keçilməz hesab edilən bir neçə postunu elə keçirmişdir. 2020-ci il oktyabrın 7-də Füzuli rayonu ərazisində, yaxınlığına atılan mərmi qəlpəsi nəticəsində qəhramancasına şəhid olmuşdur. Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Ələkbərov Telman İqdam oğlu 30.03.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 215 saylı tam orta məktəbdə və 2003-2008-ci illərdə Azərbaycan Respublikası Olimpiya İdman Liseyində təhsil almışdır. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuş və 2018-ci ildə bitirmişdir. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunda “motoatıcı taqım komandiri” ixtisası üzrə təlim keçmişdir. 2019-cu ilin yanvarında kursu bitirdikdən sonra leytenant rütbəsi alaraq taqım komandiri kimi Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsinin motoatıcı taboruna təyinat almışdır. Vətən müharibəsində müxtəlif döyüş bölgələrində iştirak etmiş, 07.10.2020-ci ildə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 12.10.2020-ci ildə Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bababəy Şamil Nazim oğlu 04.01.1994-cü ildə Ordubad rayonunun Cənnəb kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra 3 il Ordubad rayonu, Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 4 il burada oxuduqdan sonra leytenant rütbəsinə layiq görülüb. Bir il təcrübə keçərək biliklərini təkmilləşdirib. Özünün tərbiyəsi və nizam-intizamı ilə çox keçmədən baş leytenant rütbəsinə layiq görülüb. Şamil Bababəy N saylı Hərbi hissədə tankçı vəzifəsində xidmət edib, Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci il yanvarın 1-də Mingəçevir hərbi hissəsinə bölük komandiri təyin olunub. Azərbaycan Ordusunun baş leytenantı olan Şamil Bababəy 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Şamil Bababəy 7 oktyabrda Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Səmədov Məhəmməd Niman oğlu 13.06.2001-ci il Sabunçu rayonu, Pirşağı qəsəbəsində anadan olmuşdur. 2007-ci ildə Pirşağı qəsəbəsi 10 saylı İnternat məktəbində orta təhsilinə başlamış və həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2019-cu ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə olarkən könüllü olaraq döyüş bölgəsinə yollanmış, Füzuli istiqamətində gedən döyüşlərdə 06.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Pirşağı qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Dəmirçiyev Tural Rəfail oğlu 01.10.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Menecment" fakültəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Tərtər rayonu "N” saylı hərbi hissədə xidmət etmişdir. T.Dəmirçiyev Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirmiş 2015-ci ildə tərxis olunmuşdur. T.Dəmirçiyev sentyabrın 21-də könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan könüllülərdən biri idi. Vətən müharibəsinin ilk günündən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərin iştirakçısı olub. Oktyabrın 1-də 28 yaşını döyüş bölgəsində qarşılayan Tural cəsarəti və mərdliyi ilə əsgər yoldaşlarının hörmətini qazanmışdı. 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində əks-hücum əməliyyatında qəhrəmanlıq göstərən Tural Dəmirçiyev qəlpə yarası alaraq qəhrəmancasına şəhid olmuşdur. 7 oktyabr 2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Əliyev Əmirulla Vahid oğlu 07.10.1996-cı ildə Şamaxı şəhərində anadan olub. 2003-2011-ci illərdə Sabunçu rayonunun 67 nömrəli tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Əmirulla Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Əmirulla Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmirulla Əliyev sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Alıyev Qələndər Nofəl oğlu 31.10.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 15 sentyabr 2008-ci ildə Sabunçu rayonunda yerləşən 170 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbdə oxuduğu dövrdə kikboksinq idman növü ilə məşğul olmuşdur. Lokomativ İdman və Sağlamlıq mərkəzində keçirilən idman yarışlarında 1-ci yerə layiq görülmüşdür. 2020-ci ildə hərbi xidmətə çağırılmış, Vətən müharibəsinin ilk günlərində döyüşlərdə iştirak etmişdir. Suqovuşan -Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 7 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 28 noyabr 2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

















