Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi

04 dekabr 2023 | 19:20
Sabunçu Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətində “2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.
Müşavirənin keçirilməsində əsas məqsəd payız-qış mövsümü ərəfəsində rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sabunçu Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Elşən Həsənli tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Sonra Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışıb, yaşayış massivlərində fərdi avtomobillərin nizamsız parklanmasının, məhəllələrə girişlərin qeyri-qanuni maneələrlə məhdudlaşdırılmasının yanğın-xilasetmə əməliyyatlarına əngəllər törətdiyini, onların səmərəliliyini aşağı saldığını qeyd edərək, yerli icra və özünüidarəetmə orqanlarını belə hallarla qəti mübarizəyə çağırıb. O, həmçinin rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” və “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” mövzularında ətraflı məlumat veriblər. Həmçinin, Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirənin sonunda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

 

Keçidlər