Sabunçu rayonunda YAP-ın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirildi
03 noyabr 2022 | 16:29
03.11.2022-ci il tarixdə Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirildi.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər və Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə etdilər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirdi ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Bu gün də Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiya ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir”.
YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov çıxışında vurğuladı ki, xalqı arxasınca aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəçiliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığı bir dövrdə Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursunun olduğunu bildirdi. Qeyd olundu ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da böyük nailiyyətlərə imza atacaq.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında dayanan yeni çağırışlardan bəhs etdi. Bildirildi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı. Bu, qətiyyətli sərkərdənin “dəmir yumruğu”, qüdrətli ordunun şücaəti, xalqın liderinə sarsılmaz inamı sayəsində reallaşdı.
Tədbirdə, həmçinin partiya veteranı Gülnaz Abdullayeva, Vətən müharibəsi qazisi Vüqar Muradov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəli Qaraçaylı Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışdılar.
Sonda rayonun ictimai-siyasi həyatında iştirakına görə fərqlənən bir qrup fəala YAP Sabunçu rayon təşkilatı tərəfindən fəxri fərman, partiya sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edildi.