Sabunçu rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl həyatı qoruyaq!” adlı dəyirmi masa keçirildi
30 may 2024 | 08:59
30.05.2024-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və Dövlət Gömrük Komitəsi Akademiyasının birgə təşkilatçılığı ilə Akademiyada “Yaşıl həyatı qoruyaq!” adlı dəyirmi masa keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının dosenti Dürdanə Şirinova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Akademiyanın professor, müəllim və tələbə heyəti iştirak edirdilər.
Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov açılış nitqi ilə çıxış edərək bildirdi ki, bugün dünyanı narahat edən qlobal problemlərdən biri olan iqlim dəyişikliyi və onun canlı aləmə mənfi təsirinə diqqəti artırmaq və beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə ölkədə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Ölkə başçısının uğurlu siyasəti nəticəsində ətraf mühitin qorunması istiqamətində ölkədə genişmiqyaslı işlərin aparıldığını vurğulayan Q.Novruzov cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransın əlamətdar hadisə olduğunu qeyd etdi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva çıxış edərək bildirdi ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Vurğulandı ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prinsipi əsas götürülərək həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir və ekosistem bərpa olunur. R.Vəliyeva qeyd etdi ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin regionda söz sahibi olan Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın göstəricisidir.
Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının dosenti Dürdanə Şirinova “Sənaye inqilabından yaşıl həyata”, Dövlət Gömrük Komitəsi Akademiyasının rəis müavini Cəmilə Namazova “Yaşıl iqtisadiyyat və cəmiyyətin sosial iqtisadi inkişafı” və Akademiyanın Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev isə “Yaşıl qida, yaşıl gömrük” mövzularında təqdimatlarla çıxış etdilər.
Tədbir tələbələri maraqlandıran suallar ətrafında müzakirələrlə davam etdi.
Daha sonra tədbir iştirakçılarının Akademiyaya və Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinə ekskursiyası təşkil edildi.