Sabunçu rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda panel-müzakirə keçirilib
29 aprel 2024 | 14:01
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda 2023-2024-cü tədris ili üzrə keçirilən dərslər başa çatıb.
29.04.2024-cü il tarixdə BŞTİ, Sabunçu Rayon İcra Hakimiyyətinin və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində keçirilən yekun dərsdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov, millət vəkili Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Yekun dərs Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı A.Vəliyev qonaqları salamlayaraq bildirib ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. A. Vəliyev vurğulayıb ki, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynamışdır. Bu böyük şəxsiyyətin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsi müstəsna əhəmiyyətə malikdir.
MÜTDA-nın direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova mənalı ömrünü xalqına, Azərbaycanın inkişafına həsr edən, misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlının - Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Azərbaycanda hakimiyyətinin hər iki dönəmində təhsilin ulu öndərin qayğısı, diqqəti ilə inkişaf yoluna qədəm qoyduğunu söyləyən N.Hüseynova qeyd edib ki, bütün fəaliyyəti dövründə elmə, təhsilə prioritet kimi yanaşan Heydər Əliyev tərəqqinin yeganə yolunun məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görürdü.
Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru, professor D.Seyidzadə, YAP Sabunçu rayon təşkilatının sədri A.Xudadanov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili S.Qurbanov Heydər Əliyev dühasını daha dərindən dərk etmək, böyük bir epoxanın mahiyyətini, hadisələrini şərh etmək baxımından “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərsləri yüksək qiymətləndiriblər. Bildiriblər ki, Azərbaycan məktəbliləri Heydər Əliyevin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsdən faydalanaraq layiqli vətəndaş kimi yetişəcək və ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair şagirdləri maraqlandıran suallar cavablandırılıb, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin (UGİM) dərnək üzvlərinin ifasında dahi rəhbərə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdən ibarətdir.