Sabunçu rayonunun Nardaran qəsəbəsində rayonun 2025-2026-cı tədris ilinin yekununa həsr olunmuş Təhsil konfransı keçirildi
10 sentyabr 2026 | 16:27
10.09.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə Sabunçu rayonu üzrə 2025-2026-cı tədris ilinin yekununa həsr olunmuş Təhsil konfransı keçirildi.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatları Fazil Mustafa və Azər Allahverənov, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının sektor müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayonun təhsil işçiləri, ali məktəblərə qəbul imtahanında yüksək nəticələr əldə etmiş məzunlar və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
İlk olaraq konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər. Sonra qonaqlar rayonun təhsil müəssisələrinin şagirdlərinin müxtəlif sahələr üzrə yerli və beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərdən ibarət sərgiyə baxış keçirdilər.
Rayonun Maştağa qəsəbəsi, 108 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət xor qrupunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Konfransı açıq elan edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev müəllim və tələbə heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi və ölkəmizdə aparılan təhsil islahatları barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, təhsil sahəsinin inkişaf etdirilməsi Ulu öndər Heydər Əliyev siyasətinin prioritet istiqamətlərdən biri olmuşdur. A.Vəliyev vurğuladı ki, təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Xalqın parlaq gələcəyinə hesablanan bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Rəna Vəliyeva çıxış edərək Sabunçu rayonu üzrə 2025-2026-cı tədris ilinin yekununa dair hesabatı təqdim etdi.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa və Azər Allahverənov dövlət təhsil siyasətinin prioritetləri çərçivəsində bir sıra mühüm məsələlərə toxundular. Millət vəkilləri rəqəmsal bacarıqların artırılmasına xidmət edən layihələrin artırılması və peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində fikir və təkliflərini bildirdilər.
Konfransın gedişində 2025-2026-cı tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə yüksək nəticələr göstərmiş məzunlar, o cümlədən, yüksək nailiyyətlər əldə etmiş məktəb direktorları və müəllimlərə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.














