Sabunçu rayonunun Nardaran qəsəbəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirildi.
18 oktyabr 2023 | 16:47
18.10.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Nardaran qəsəbəsi, 295 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Əliabbas Salahzadə və Aydın Mirzəzadə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon məktəbliləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra qonaqlar məktəbin şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirdi ki, Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetirdiyi nadir dahi şəxsiyyət, tariximizin canlı əfsanəsidir. Ulu Öndər bütün sahələrdə idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. A.Vəliyev vurğuladı ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xətt özündən sonra da uğurla davam etdirilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Ulu Öndərin də vəsiyyəti yerinə yetirildi, Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu.
Çıxış edən millət vəkli Aydın Mirzəzadə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva bildirdilər ki, XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı Heydər Əliyevin titanik səyləri nəticəsində özünün yeni mərhələsinə qədəm qoydu. Bu inkişaf dinamikası sonrakı illərdə də artan xətlə davam etdi. Daha sonrakı illərdə ölkədə keçirilən prezident seçkilərində Heydər Əliyevin siyasi varisi
İlham Əliyevin inamlı qələbəsi, hazırda həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi davam edir.
Sonra tədbir qonaqların mövzu ətrafında diskussiyaları ilə davam etdi.