Sabunçu rayonunda 2021-2022-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında yüksək nəticələr göstərmiş məzunlarla görüş keçirildi
03 oktyabr 2022 | 10:13
03.10.2022-ci il tarixdə Bakı Gənclər Mərkəzində 2021-2022-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə ən yüksək nəticələr göstərmiş məzunlarla görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşları, 2021-2022-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş məzunlar və təhsil işçiləri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan vətən övladlarının əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək bütün təhsil işçiləri, şagirdlər və tələbə adını qazanmış gəncləri yeni ənənəvi tədris ilinin başlanması münasibətilə təbrik etdi. Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu qeyd edən R.Fərəcova bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf və yeniliklərin daim müşahidə olunduğunu bildirdi. Dövlət başçısının ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş əsas hədəflər sırasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri və müasir avadanlıqlarla təmin olunmasının xüsusi yer aldığını vurğulayan R.Fərəcova görülən işlərin Prezident cənab İlham Əliyevin təhsil sahəsinə daim diqqət və qayğı ilə yanaşmasının nəticəsi olduğunu diqqətə çatdırdı.
R.Fərəcova “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edərək bildirdi ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Ölkəmizdə isə bu bayram 1993-cü ildən etibarən qeyd olunmağa başlamışdır. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Daha sonra tələbə adını qazanmış gənclər və müəllimlər çıxış edərək bildirdilər ki, Azərbaycanda yeni gənc nəslin sağlam yetişməsi və vətənpərvər ruhda tərbiyə olunmasında təhsilin, xüsusilə məktəbin əhəmiyyəti çox böyükdür və bütün bu uğurlar Prezident cənab İlham Əliyevin təhsil sahəsində apardığı məqsədyönlü siyasətin bariz sübutudur.
Tədbirin sonunda 2021-2022-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə ən yüksək nəticələr göstərmiş məzunlara Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu. O cümlədən, “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə təhsil sahəsində qazandığı uğurlarla fərqlənən müəllimlər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundular.