Sabunçu rayonunda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilənlərə medalları təqdim olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bir sıra şəxslər 2023-cü ildə “Heydər Əliyev İli” ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq təsis olunan “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşlar. Sərəncama əsasən, Sabunçu rayonundan Rayon İcra Hakimiyyətinin başçısı Vəliyev Adil Ənvər oğlu, rayonun təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyəti ilə fərqlənən əməkdar müəllim Abdullayeva Gülnaz Fərman qızı və Bilgəh Sağlamlıq Mərkəzinin baş həkimi İbadullayev Çingiz Əlisahib oğlu "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilmişlər.
02.04.2024-cü il tarixdə yubiley medallarının təqdim olunması ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətində keçirilən tədbir zamanı təltif olunan şəxsləri təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən söz açdı. A.Vəliyev vurğuladı ki, ötən müddət ərzində Azərbaycanın nail olduğu davamlı inkişaf və tərəqqi Ulu öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən, çoxşaxəli, parlaq və uğurlu siyasətinin nəticəsidir.
Sonra təltif olunan şəxslər çıxış edərək Prezident İlham Əliyevə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər.